RegionMedia
 Valyuta məzənnəsi

Otellərin karantin üçün istifadə edilməsi nə dərəcədə düzgündür - Silinməyən ləkə

Tarix:11-04-2020, 13:05

Otellərin karantin üçün istifadə edilməsi nə dərəcədə düzgündür - Silinməyən ləkəBakıda və gömrük-keçid məntəqələrinə yaxın olan bütün otellər, Atletlər kəndi, müxtəlif universitetlərin regionlardakı xüsusilə də Nabrandakı istirahət mərkəzləri - bütün bunlar karantin üçün ayrılıb. Bundan başqa, ölkənin qərb, şimal və cənubundakı bütün 3, 4 və 5 ulduzlu otellərdən karantin məqsədi ilə istifadə olunur.

Bəs, maraqlıdır, fəaliyyət göstərən digər otellərin durumu necədir?

Sputnik Azərbaycan ölkədəki otellərin durumunu araşdırıb. Əlaqə saxladığımız 5 ulduzlu otellərin demək olar ki, əksəriyyəti fəaliyyətlərini davam etdirsələr də, mövcud vəziyyətin onlara da təsirsiz ötüşmədiyini deyir: "Hazırda otelin restoran, SPA, əyləncə mərkəzləri, idman zalı fəaliyyətini dayandırıb. Lakin qonaqlar yemək, içkilər otaqlara sifarişlə çatdırılır".

"İşçilər hər gün işə gələrkən yoxlanılır. Bundan başqa restoranda avtomatik dezinfektorlar var. Qonaqları isə yoxlamağa ehtiyac qalmır. Onlar artıq bir neçə aydır ki, Bakıdadırlar və oteli tərk etmirlər", - deyə oteldən verilən məlumatda bildirilib.

5 ulduzlu tellərdən verilən məlumatda həmçinin qeyd olunub ki, hazırda onlar yalnız əcnəbi vətəndaşlara ev sahibliyi edə bilirlər: "Çünki bir neçə ayla müqayisədə artıq yerli vətəndaşalrımız otelə gəlmir. Hazırda əcnəbi qonaqlarımızın sayı da azalıb".

Hazırda 5 ulduzlu otel üçün standart otağın endirimli qiyməti səhər yeməyi daxil olmadan 236 manatdır. Öncə isə bu qiymət 300-350 manat civarında idi. Artıq bir çox otellər qiymətləri endirib.

4 ulduzlu otellərin bəziləri isə təhlükəsizlik naminə bütün xidmətləri, qonaqların qəbulunu dayandırıb.

Lakin yaranan durumla əlaqədar olaraq otellərin əksəriyyəti qiymətləri endirdiklərini desə də, Azərbaycanın qərbində ən böyük otellərdən birindən verilən məlumatda isə hələlik ki, qiymətlərdə azalma müşahidə edilmədiyi deyilib. Oteldən verilən məlumatda onların adlarının karantin üçün nəzərdə tutulan otellərin siyahısında olduğu bildirilib: “Otelimiz də karantin üçün nəzərdə tutulan otellərin siyahısındadır. Lakin hələlik ki, bu məqsədlə istifadəyə verilməyib. Lazım olarsa, bu zaman otel karantin üçün təmin olunacaq və fəaliyyətini bu cür davam etdirəcək. Lakin biz hazırda adi otel kimi fəaliyyət göstəririk”.

“Bilirsiniz ki, bütün yollar bağlıdır. Bu səbəbdən də qonaqların çoxu gələ bilmir. Hazırda oteldə 5-6 qonaq var, qonaqlar buradan çıxarılmır. Qeyd edim ki, hələlik ki, SPA, restoran, əyləncə mərkəzləri bağlanıb. Burada məqsəd insanların toplaşmasının qarşısını almaqdır. Lakin otaqların rezervasiyası həyata keçirilir, yəni “room service” xidməti aktivdir”, - verilən məlumatda bildirilib.

DAİR Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi isə Sputnik Azərbaycan-a açıqlamasında deyir ki, otellərin karantin üçün ayrılmasının tərəfdarı deyil: "Ən çətin günlərdə belə otellər müxtəlif qərargahlara çevriliblər, o cümlədən hərbi qərargah kimi fəaliyyət göstəriblər. Mən də gənclikdə bunun şahidi olmuşam. Amma səhiyyənin bugünkü infrastrukturunu və imkanlarını nəzərə alsaq, o cümlədən karantində olanların sayına baxsaq, bunun üçün səhiyyə müəsissələrinin imkanlarindan istifadə olunmalı idi. Bir tərəfdən otellərin istifadə edilməsi şübhə yaradır ki, səhiyyə müəsissələrində yer çatmır, digər tərəfdən isə otelin gələcəkdə imicinə xələl gətirir, yəni, gələcəkdə turagentlərdə həmin otellərlə bağlı ürəklərində xal qalacaq".

"Hazırda otellər və ümumilikdə turizm sektoru dövlətdən dəstək gozləyir", - deyə o əlavə edib.

Oxunub: 163



XƏBƏR LENTİ